“Bu, 15 yaşadək futbolçular arasında keçirilən ilk dünya çempionatıdır. Turnirdə iştirak etməkdən məmnunuq. Məqsədimiz uğurlu nəticəyə nail olmaqdır”.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalında çıxış edəcək Tacikistan millisinin futbolçusu Hüseynconi Bobocan deyib.
O, dünya çempionatının təşkilatçılığı barədə müsbət fikirlər səsləndirib, oyun meydançalarının isə çox yaxşı olduğunu qeyd edib.
Bakı və Azərbaycan haqqında da danışan oyunçu hələ şəhəri gəzmək imkanlarının olmadığını bildirib. O, Azərbaycanın gözəl ölkə olduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 24-dən 30-dək keçiriləcək dünya çempionatında 189 ölkənin iştirakı və minə yaxın oyunun təşkili nəzərdə tutulur.
