“Turan Tovuz”un hücumçusu Fransa mətbuatının diqqətində - FOTO

23 Oktyabr 2026 13:53
100
“Turan Tovuz”un hücumçusu Fransa mətbuatının diqqətində - FOTO

Fransa mətbuatı “Sent-Etyen”in 2023/2024 mövsümündə ölkə çempionatının yüksək dəstəsinə yüksəlməsinə kömək etmiş futbolçuların sonrakı karyerasına nəzər salıb. Araşdırmada hazırda “Turan Tovuz”da çıxış edən seneqallı hücumçu İbrahima Vadji də yer alıb.

İdman.Biz Fransa mediasına istinadən xəbər verir ki, 2023/2024 mövsümündə “Sent-Etyen”in heyətində Liqa 2-də 486 dəqiqə meydanda olan Vadji daha sonra karyerasını Azərbaycanda davam etdirib.

Nəşr 31 yaşlı hücumçunun “Turan Tovuz”un heyətindəki çıxışına da diqqət ayırıb. Bildirilib ki, futbolçu cari mövsümdə altı qarşılaşmada meydana çıxıb və bir qol vurub.

Xatırladaq ki, “Sent-Etyen” 2023/2024 mövsümünün sonunda pley-off mərhələsində “Mets”i məğlub edərək Fransa Liqa 1-ə yüksəlmişdi. Lakin komanda yüksək dəstədə yalnız bir mövsüm qala bilib.

Vadji həmçinin 2021/2022 mövsümündə “Qarabağ”ın da formasını geyinib. O, meydana çıxdığı 36 qarşılaşmada 20 qol vurub və üç məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Sent-Etyen” Azərbaycan futbolsevərlərinə də yaxşı tanışdır. Fransa təmsilçisi 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşıb. Bakıda keçirilən görüş qolsuz başa çatıb, Fransadakı oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Səfər matçında Vüqar Nadirov Azərbaycan çempionunu hesabda önə keçirsə də, Riki van Volfsvinkel tarazlığı bərpa edib.

“Sent-Etyen” 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində Azərbaycanın digər təmsilçisi “Qəbələ” ilə də üz-üzə gəlib. Fransa klubu evdə 1:0, səfərdə isə 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz