“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

23 Oktyabr 2026 13:44
138
“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

“Sabah” futbol klubunun müdafiəçisi Timoteuş Puxaç noyabrın 25-də Bakıda “Barselona”ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, polşalı futbolçu Kataloniya təmsilçisinin ulduzu Lamin Yamalı zərərsizləşdirmək üçün hansı taktikadan istifadə edəcəyini açıqlayıb.

27 yaşlı müdafiəçi ispaniyalı vingerin oyunlarını diqqətlə izlədiyini, lakin onun meydandakı hərəkətlərinin rəqib müdafiəçilər üçün ciddi problemlər yaratdığını bildirib.

“Barselona”nın oyunlarını izləyirəm və əsəbiləşirəm. Çünki Yamal nə edirsə etsin, yenə də təhlükə yaradır”, - Puxaç "Kanal Sportowy" nəşrinə müsahibəsində deyib.

“Sabah”ın futbolçusunun sözlərinə görə, Yamal hər iki istiqamətdə hücuma keçərkən təhlükəlidir.

“Ona sağa keçməyə imkan versən, qapıya zərbə endirə bilər. Sola hərəkət edərkən isə cəmi yarım metr boşluq buraxsan, topu qapının yuxarı küncünə göndərə bilər. Hələlik onu dayandırmağın ideal yolunu bilmirəm. Bəlkə də, daim yanında olmalıyam”, – müdafiəçi gülümsəyərək bildirib.

Puxaç hesab edir ki, Yamalı yalnız fərdi mübarizə ilə dayandırmaq çətin olacaq. Onun sözlərinə görə, ispaniyalı futbolçunun sürətlənməsinə mane olmaq bütün komandanın vəzifəsidir. Komanda yoldaşları Yamalı əlverişli mövqedə topla təmin edə bilsələr, onu dayandırmaq daha da çətinləşəcək.

Bununla belə, polşalı müdafiəçi rəqibinə qarşı öz taktikasını müəyyənləşdirib.

“Lamin Yamala meydanda rahatlıq verməyəcəyəm. Mümkün qədər yaxın oynamağa və bir santimetr də boş yer qoymamağa çalışacağam”, - Puxaç vurğulayıb.

O, Yamalın daim yaxınlığında olacağını, ona fiziki təzyiq göstərəcəyini və topu rahat qəbul etməsinə imkan verməyəcəyini bildirib.

“Qarşımdakı vəzifənin nə qədər çətin olduğunu yaxşı anlayıram. Amma belə bir qarşılaşmada itirəcəyim, demək olar ki, heç nə yoxdur. Əksinə, yalnız qazana bilərəm. Yamal hamını keçməyi bacarır. Əgər məni keçə bilməsə, deməli, qalib mən olacağam”, - “Sabah”ın müdafiəçisi qeyd edib.

Puxaç Yamalı uğurla zərərsizləşdirməyin mümkünlüyünə nümunə kimi İngiltərənin “Nyukasl” klubunun müdafiəçisi Lyuis Hollun oyununu göstərib. Onun sözlərinə görə, Holl Çempionlar Liqasının qarşılaşmasında ispaniyalı vingerə ciddi çətinliklər yaradıb.

“Lyuis Hollun “Nyukasl”ın heyətində Yamala qarşı oyununa diqqət yetirdim. O, məsafəni mümkün qədər azaldır, rəqibinə yaxın oynayır və ikili mübarizələrdən çəkinmirdi. Bəlkə də, “Barselona” ilə görüşdən əvvəl həmin matça yenidən baxacağam ki, onun oyunundan bəzi məqamları öyrənim”, - polşalı futbolçu bildirib.

Bununla yanaşı, Puxaç dünya futbolunun ulduzlarından biri ilə qarşılaşmağı özü üçün dəyərli təcrübə hesab edir.

“Belə futbolçuya qarşı oynadığın matçı ömür boyu xatırlayırsan. Onu iki-üç dəfə dayandıra bilsən, bu, artıq qələbədir”, - müdafiəçi vurğulayıb.

Onun fikrincə, bu cür qarşılaşmalar futbolçulara öz imkanlarını sınamaqla yanaşı, dünya futbolunun ən güclü oyunçularına qarşı mübarizə təcrübəsi qazanmaq imkanı da verir.

Xatırladaq ki, “Sabah” oktyabrın 20-də Çempionlar Liqasının üçüncü turunda Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzub. Puxaç həmin görüşdə məhsuldar ötürmə ilə yadda qalıb. Bununla belə, müdafiəçi oyundan sonra nəticədən narazı qaldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisi heç-heçə edə bilərdi.

“Barselona” ilə ev oyunundan əvvəl “Sabah” noyabrın 4-də Norveçdə “Vikinq”lə qarşılaşacaq.

“Sabah” - “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

İdman.Biz