“Sabah” futbol komandasının hücumçusu Coy-Lens Mikels karyerasını Almaniya Bundesliqasında davam etdirmək istəsə də, arzuladığı komandaya keçidi baş tutmaya bilər.
İdman.Biz NTV nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu vaxtilə aşağı yaş qruplarında çıxış etdiyi “Borussiya”ya (Mönhenqladbax) qayıtmaq istəyir.
Mikelslə Almaniya təmsilçisi arasında danışıqlar aparılıb. Lakin klublar arasında hər hansı rəsmi müzakirə olmayıb. Mönhenqladbax təmsilçisi hazırda futbolçunun transferində maraqlı deyil və onunla bağlı konkret plan hazırlamır.
Buna baxmayaraq, Ruanda millisinin üzvünün qış transfer pəncərəsində “Sabah”dan ayrılması mümkündür. Onun xidmətində bir neçə komanda maraqlıdır. Futbolçunun Azərbaycan çempionu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Almaniya mətbuatının yazdığına görə, Mikelslə “Sabah” arasında münasib təklif alınacağı təqdirdə transferinə icazə verilməsi barədə şifahi razılaşma mövcuddur. Onun mümkün keçidi üçün 400-500 min avro məbləğində təzminat nəzərdə tutulur.
Qeyd edək ki, Almaniyanın Ziqburq şəhərində doğulan Mikels 2005-ci ildə “Borussiya”nın (Mönhenqladbax) akademiyasına qoşulub və doqquz il burada hazırlıq keçib. Lakin əsas komandada möhkəmlənə bilməyib.
Hücumçu 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 25 oyunda 19 qol vuraraq çempionatın bombardiri olub. O, “Sabah”ın tarixində ilk çempionluğunu qazanmasında mühüm rol oynayıb.
