FİFA UEFA-nı İnfantinoya qarşı böhtan kampaniyasında ittiham edir

4 Sentyabr 2026 08:14
119
FİFA UEFA-nı İnfantinoya qarşı böhtan kampaniyasında ittiham edir

Beynəlxalq Futbol Federasiyası (FIFA) Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) prezident Canni İnfantino və təşkilatın rəhbərliyinə qarşı böhtan kampaniyası aparmaqda ittiham edib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, mübahisə İnfantinonun dünya çempionatı hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdləri - artıq dayandırılmış "FIFA Forward Enterprise" (FFE) sxemi ilə bağlıdır.

Ötən həftə UEFA İsveçrədəki mümkün cinayət iddiaları çərçivəsində FIFA-dan sübut və sənədlərin açıqlanmasını tələb edərək ABŞ-da hüquqi sənədlər təqdim edib. UEFA İnfantinonu bu sxemlə bağlı "cinayət xarakterli səriştəsizlikdə" və öz mənfəəti üçün saxta, bazardan kənar qiyməti təşviq etməkdə günahlandırıb.

Buna cavab olaraq, FIFA ABŞ məhkəməsinə müraciət edərək sənədlərə çıxış icazəsinin təxirə salınmasını və ya rədd edilməsini tələb edib. Təşkilatın bəyanatında bildirilir ki, UEFA-nın arqumenti fundamental qüsur və hüquqi çatışmazlıqlardan əziyyət çəkir:

"UEFA mövcud olmayan və özünün də etiraf etdiyi kimi başlatmaq səlahiyyətinə malik olmadığı xarici cinayət prosesinə kömək məqsədilə sübutların açıqlanmasını tələb edir. Başlıqları və iş nömrələri olan bu sorğular hüquqi sənədlər kimi rəsmiləşdirilsə də, onlar UEFA-nın FIFA-ya və onun rəhbərliyinə qarşı böhtan kampaniyasını dəstəkləyən mətbuat buraxılışlarından başqa bir şey deyil".

FIFA vurğulayıb ki, FFE-nin yaradılması sadəcə bir təklif idi və bu, yalnız üzv assosiasiyaların əksəriyyətinin dəstəyi və FIFA Şurasının təsdiqi ilə həyata keçirilə bilərdi: "Bu demokratik prosesdə iştirak etmək əvəzinə, UEFA mətbuat açıqlaması yayıb — bu, FIFA-ya və onun rəhbərliyinə qarşı həftələrlə davam edən böhtan kampaniyasının başlanğıcı idi".

Qeyd edək ki, FFE sxeminin əsas kişi və qadın yarışlarına nəzarət etməsi, 4,2 milyard dollar cəlb edərək FIFA-ya üzv olan assosiasiyaların gəlirlərini artırması nəzərdə tutulurdu. Bu təşəbbüs UEFA, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən rədd edilsə də, Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar onu dəstəkləmişdi.

İdman.Biz