İsbanbulun “Qalatasaray” futbol klubunun sabiq hücumçusu Mauro İkardi “Latsio”nun təklifini qəbul etməyib.
İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, Roma təmsilçisi 33 yaşlı argentinalıya “2+1” illik müqavilə təklif edib. Bonuslar nəzərə alınmaqla futbolçunun illik maaşı təxminən 4 milyon avro ola bilərdi.
Lakin İkardi “Latsio”nun şərtləri ilə razılaşmayıb. Onun qərarının səbəblərindən biri Roma klubunun Çempionlar Liqasında iştirak etməməsidir. Hücumçu yüksək idman hədəfləri olan komandada çıxış etmək istəyir və digər təkliflərə baxmağa qərar verib.
“Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alan İkardi hələlik yeni klubla anlaşmayıb.
Qeyd edək ki, argentinalı futbolçu A Seriyasında çıxış təcrübəsinə malikdir. O, daha əvvəl uzun illər “İnter”in formasını geyinib.
