UEFA 2026/27 mövsümündən etibarən Çempionlar Liqasında debüt edən futbolçular üçün xüsusi “debütant nişanı” tətbiq edəcək.
İdman.Biz xəbər verir ki, yeni qaydaya əsasən, Avropanın əsas klub turnirində karyerasında ilk dəfə meydana çıxan futbolçular bu xüsusi nişanı əldə edəcəklər. Nişan oyun formasının qolunda, Çempionlar Liqasının loqosunun yanında yerləşdiriləcək.
Futbolçu ondan yalnız ilk matçında istifadə edə biləcək. Qayda əvəzetmədən sonra ilk dəfə meydana çıxan oyunçulara da şamil olunur.
Görüş başa çatdıqdan sonra nişan formadan çıxarılaraq onun həqiqiliyi yoxlanılacaq. Daha sonra futbolçunun özünün imzalayacağı xüsusi kolleksiya kartına yerləşdiriləcək. Oyun forması isə xatirə əşyası kimi debüt edən futbolçuda qalacaq.
Qeyd edək ki, futbolçu karyerası ərzində belə nişanı yalnız bir dəfə əldə edə bilər. Sonradan klubunu dəyişərək UEFA turnirlərində yenidən çıxış etsə, debütant nişanından təkrar istifadə edə bilməyəcək.
