İnfantinonun ipi ilə quyuya düşən investor peşman oldu

2 Sentyabr 2026 17:09
74
İnfantinonun ipi ilə quyuya düşən investor peşman oldu

FIFA prezidenti Canni İnfantinonun dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara vermək planında əsas tərəfdaşlardan biri olmalı olan amerikalı milyarder Coş Kuşner layihədə iştirak etdiklərinə görə peşman olduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, Kuşnerin rəhbərlik etdiyi “Thrive Capital” FIFA Forward Enterprise (FFE) adlı yeni kommersiya strukturunun əsas investorlarından biri kimi nəzərdə tutulurdu.

Layihəyə əsasən, investorlar FIFA-nın dünya çempionatları və digər turnirlərinin kommersiya fəaliyyətini idarə edəcək yeni şirkətin 20 faizlik payını 4,2 milyard dollara (təxminən 7,14 milyard manat) almalı idilər. Bu qiymətləndirmə FIFA-nın həmin kommersiya aktivlərinin ümumi dəyərini 20 milyard dollar səviyyəsində göstərirdi.

Lakin plan UEFA və dünya futbolunun digər qurumlarının sərt etirazı ilə üzləşib. Nəticədə İnfantino iyulun sonunda layihədən geri çəkilib.

Kuşner bildirib ki, şirkəti dünya futbolundakı siyasi münasibətlərin mürəkkəbliyini əvvəlcədən düzgün qiymətləndirə bilməyib:

“Əgər prosesin bu həddə çatacağını bilsəydik, bu işə qoşulmazdıq”.

Bununla belə, amerikalı investor layihənin ilkin məqsədini müdafiə edib. Onun sözlərinə görə, plan FIFA-nın 211 üzv assosiasiyası arasında maliyyə imkanlarının daha bərabər bölüşdürülməsinə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə futbol infrastrukturunun və aşağı yaş qruplarının dəstəklənməsinə xidmət etməli idi.

Məsələ bununla da yekunlaşmayıb. UEFA hazırda İnfantinoya qarşı İsveçrədə mümkün hüquqi proses üçün Kuşner və “Thrive Capital”dan sənəd və ifadələrin alınmasına çalışır. Bununla yanaşı, Kuşner və şirkətinin mümkün cinayət işində təqsirləndirilən tərəf olmadığı bildirilir.

Qeyd edək ki, Coş Kuşner ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır.

İdman.Biz