İspaniyanın “Barselona” futbol komandasının sabiq qapıçısı Klaudio Bravo Lionel Messinin karyerasının ən ağır anlarından biri ilə bağlı xatirəsini bölüşüb.
İdman.Biz xəbər verir ki, çilili keçmiş qapıçı 2016-cı ildə keçirilən Amerika Kubokunun finalından sonra Messini ehtiyat oyunçular skamyasında tamamilə tək gördüyünü bildirib.
Həmin finalda Argentina və Çili üz-üzə gəlib. Əsas və əlavə vaxtda hesab açılmayıb, penaltilər seriyasında isə Çili qalib gəlib. Messi penaltilərdən birini dəqiq yerinə yetirə bilməyib və qarşılaşmadan sonra Argentina millisindən ayrıldığını açıqlayıb.
Bravo həmin anı belə xatırlayıb:
“Finaldan sonra biz qələbəni qeyd edirdik. Birdən onu ehtiyat oyunçular skamyasında gördüm. Tamamilə tək idi. Söhbət bu idmanın tarixinin ən yaxşı futbolçusundan gedir”.
Sabiq qapıçının sözlərinə görə, həmin mənzərə ona futbolun iki fərqli üzünü göstərib:
“Uğur zamanı ətrafında nə qədər insanın olduğunu görürsən. Məğlubiyyət zamanı isə futbolun öz kumirlərinə münasibətdə mənfi tərəfini anlayırsan”.
Bravo Messi ilə “Barselona”da keçirdiyi illəri də xatırladaraq argentinalının meydandan kənarda son dərəcə sadə insan olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Messi şöhrətinə və futbol dünyasındakı statusuna baxmayaraq ünsiyyətdə heç vaxt özünü digərlərindən üstün aparmayıb.
Bravo 2014-2016-cı illərdə Messi ilə birlikdə “Barselona”da çıxış edib. Çilili qapıçı 2015 və 2016-cı illərdə Amerika Kubokunun finalında Argentina ilə qarşılaşıb və hər iki halda kuboku qazanan tərəfdə olub.
