Braziliya millisinin və “Real Madrid”in sabiq ulduzları Ronaldo Nazario ilə Roberto Karlos futbolda yeni biznes layihəsinə başlayıblar.
İdman.Biz xəbər verir ki, onların daxil olduğu investor qrupu Braziliyanın C Seriyasında çıxış edən “İnter de Limeyra” klubunun səhmlərinin 80 faizini əldə edib.
Klubun SAF - Futbol Səhmdar Cəmiyyətinə çevrilməsi və səhmlərin investor qrupuna satılması ilə bağlı yekun qərar fövqəladə ümumi yığıncaqda qəbul olunub. Səsvermədə 53 üzv qərarın lehinə, yalnız bir nəfər əleyhinə səs verib.
İnvestor qrupunda Ronaldo və Roberto Karlosla yanaşı, Enriko Ambrojini və digər tərəfdaşlar da yer alır. Klubun səhmlərinin qalan 20 faizi isə “Associação Atlética Internacional de Limeira”nın mülkiyyətində qalacaq.
Layihənin əsas hədəflərindən biri “İnter de Limeyra”nı qarşıdakı səkkiz mövsüm ərzində Braziliya A Seriyasına yüksəltməkdir. Plan çərçivəsində klubun inkişafına 10 il ərzində 454 milyon Braziliya realı (təxminən 149 milyon manat) vəsait yönəldilməsi nəzərdə tutulur. Bu məbləğ birbaşa təminatlı investisiya deyil, klubun inkişaf göstəricilərinə və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsinə bağlı maliyyə proqnozudur.
1913-cü ildə yaradılan “İnter de Limeyra” 112 illik tarixə malikdir. Komanda 1986-cı ildə San-Paulu ştat çempionatının qalibi olaraq bu uğura çatan ilk əyalətdaxili klub kimi tarixə düşüb. “İnter” 1988-ci ildə isə Braziliya B Seriyasının qalibi olub.
Hazırda komanda Braziliya çempionatının üçüncü səviyyəsi hesab olunan C Seriyasında mübarizə aparır.
