Holand həkimlərin təhlükəli hesab etdiyi qidadan istifadə edir

28 Avqust 2026 05:23
94
Holand həkimlərin təhlükəli hesab etdiyi qidadan istifadə edir

İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Erlinq Holandın qidalanma rejimi futbol dünyasında tez-tez müzakirə olunur.

İdman.Biz Sport24-ə istinadən xəbər verir ki, Norveç millisində onunla birlikdə çıxış etmiş Coşua Kinq futbolçunun çox yeməsi ilə bağlı “Mən heç kimin bu qədər yediyini görməmişəm! O, ayı kimi yeyir!” deyib.

2026-cı il dünya çempionatı zamanı Holand dünyanın ən tanınmış futbolçularından birinə çevrilib. Məhz həmin dövrdə onun qidalanma rejimi də geniş diqqət çəkib. Bildirilir ki, futbolçu gündə təxminən 6000 kalori qəbul edir.

Holandın rasionunda toyuq, makaron, steyk, balıq, yumurta, tərəvəz, daxili orqanlar, o cümlədən mal ürəyi, çiy süd və bal yer alır. Şirniyyatdan uzaq duran futbolçunun əsas içkisi isə sudur. Bu qidalanma rejimi ona 195 santimetr boya və 94 kiloqram çəkiyə sahib olmasına baxmayaraq, fiziki formasını qorumağa imkan verir.

Norveçli futbolçu çiy südü “super içki” adlandırır. O, bu məhsulun mədəsinə, dərisinə və əzələlərinə müsbət təsir etdiyini düşündüyünü bildirib.

Lakin mütəxəssislər çiy südün istifadəsi ilə bağlı xəbərdarlıq edirlər. Britaniyanın Qida Standartları Agentliyi və bir sıra həkimlər pasterizə olunmamış südün istehlakını tövsiyə etmirlər. Termiki emaldan keçirilməyən çiy süddə salmonella, bağırsaq çöpü və listeriya kimi təhlükəli bakteriyalar qala bilər.

Məlumata görə, Holand və köməkçiləri çiy südü xüsusi fermalardan əldə edirlər. Lakin məhsulun keyfiyyətinə nəzarət olunsa belə, çiy südün sağlamlıq üçün müəyyən risklər daşıdığı bildirilir.

Həkim-endokrinoloq Maksim Kuznetsov da çiy südün təhlükəli ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Holand “Mançester Siti”nin heyətində 200 oyunda 162 qol vurub.

İdman.Biz