Erlinq Holandın kamera operatoru ilə dialoqu gündəm oldu - FOTO/VİDEO

30 Noyabr 2026 03:05
46
Erlinq Holandın kamera operatoru ilə dialoqu gündəm oldu - FOTO/VİDEO

İngiltərənin “Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holand Premyer Liqanın 12-ci turunda “Arsenal”la 2:2 hesablı heç-heçədən sonra kamera operatoru ilə maraqlı dialoq yaşayıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində komandasının xeyrinə penalti təyin edilməməsindən narazı qalan norveçli futbolçu onu lentə alan “Sky Sports”un kamera operatoruna müraciət edib:

“Get, hakimi çək! Məni çəkmə”.

Daha sonra operatoru tanıyan Holand gülümsəyərək zarafatla sözlərinə davam edib:

“Aaa, yenə sənsən... Papaq taxmışdın, keçəl başını görməmişdim”.

Holand qarşılaşmadan sonra sosial şəbəkə hesabında da mübahisəli hakim qərarlarının görüntülərini paylaşıb.

Xatırladaq ki, görüşün son saniyələrində Yoşko Qvardiolun başla zərbəsindən sonra top “Arsenal”ın hücumçusu Viktor Dyökereşin əlinə dəyib. Baş hakim Con Bruks VAR-la məsləhətləşdikdən sonra penalti təyin etməyib.

İdman.Biz