La Liqa: Mbappenin het-triki “Real Madrid”ə qələbə qazandırdı - VİDEO

27 Avqust 2026 01:13
80
La Liqa: Mbappenin het-triki “Real Madrid”ə qələbə qazandırdı

İspaniya çempionatının birinci turundan təxirə salınmış oyunda Madrid “Real”ı doğma meydanda “Real Sosyedad” üzərində böyükhesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas qəhrəmanı Kilian Mbappe olub. Fransa millisinin hücumçusu 40-cı dəqiqədə hesabı açıb. Lakin fasiləyədək Luka Suçiç tarazlığı bərpa edib.

İkinci hissədə “Real” üstünlüyü tam ələ alıb. Mbappe 60-cı dəqiqədə yenidən fərqlənərək komandasını önə çıxarıb. Səkkiz dəqiqə sonra Vinisius Junior madridlilərin üstünlüyünü iki topa çatdırıb.

Oyunda son nöqtəni də Mbappe qoyub. O, 80-ci dəqiqədə üçüncü qolunu vuraraq het-trikini rəsmiləşdirib – 4:1.

Bu qarşılaşmada Mbappe “Real”ın heyətində 100 məhsuldar hərəkət həddini də keçib. Onun Madrid klubunda keçirdiyi 105 oyunda hesabında 89 qol və 12 məhsuldar ötürmə var.

“Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan görüşdə meydana çıxmayıb.

“Real” növbəti matçını avqustun 30-da “Malaqa”ya qarşı keçirəcək. “Real Sosyedad” isə bir gün əvvəl doğma meydanda “Espanyol”la üz-üzə gələcək.

İdman.Biz