İtaliyanın “Napoli” futbol klubu A Seriyasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, Neapol təmsilçisi birinci turda səfərdə “Cenoa”ya 2:0 hesabı ilə qalib gəlib.
Matçda hər iki qol son dəqiqələrdə vurulub. 82-ci dəqiqədə Kevin De Bruyne “Napoli”ni hesabda önə keçirib. Beş dəqiqə sonra Antonio Verqara fərqi iki topa çatdıraraq yekun nəticəni müəyyənləşdirib.
Turun digər oyununda “Kalyari” səfərdə “Parma”ya 1:0 hesabı ilə qalib gəlib. “Ennio Tardini” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçsə də, fasilədən sonra qonaqlar üstünlüyü ələ alıblar.
“Kalyari”nin qələbə qolunu 79-cu dəqiqədə Alessandro Romano vurub. Sardiniya təmsilçisi minimal hesablı üstünlüyünü sona qədər qoruyaraq mövsümə üç xalla başlayıb.
Növbəti turda “Cenoa” avqustun 30-da səfərdə “Latsio” ilə qarşılaşacaq. “Napoli” isə həmin gün doğma meydanda “Komo”nu qəbul edəcək.
22:50
İtaliya A Seriyasının birinci turunda “İnter” futbol klubu doğma meydanda “Montsa”nı 4:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “San Siro” stadionunda keçirilən görüşdə hesab 6-cı dəqiqədə açılıb. Hakan Çalhanoğlu “İnter”i önə keçirib.
29-cu dəqiqədə Qustavo Varela “Montsa”nın bərabərlik qolunu vurub. İkinci hissədə isə meydan sahibləri üstünlüyü ələ alıblar. Pyotr Zelinski 48-ci, Françesko Espozito 55-ci, Yann Bissek isə 63-cü dəqiqədə fərqləniblər.
Beləliklə, son İtaliya çempionu “İnter” yeni mövsümə 4:1 hesablı qələbə ilə başlayıb.
Turun digər oyununda “Udineze” ilə “Komo” 1:1 hesablı heç-heçə edib. Hassan Kamara 29-cu dəqiqədə “Udineze”ni önə çıxarıb, Anastasios Duvikas isə 54-cü dəqiqədə hesabı bərabərləşdirib.
Növbəti turda “İnter” avqustun 30-da səfərdə “Kalyari” ilə qarşılaşacaq. “Montsa” isə avqustun 29-da “Udineze”ni qəbul edəcək.
