İspaniyanın “Barselona” futbol klubunun vingeri Cessi Bisivu Qana millisinin təklifini qəbul etməyib və beynəlxalq səviyyədə Belçikanı təmsil etmək qərarına gəlib.
İdman.Biz xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, 18 yaşlı futbolçu ailə köklərinə görə Qana millisində oynamaq hüququna malik olsa da, indiyədək Belçikanın bütün aşağı yaş qruplarında çıxış edib.
Qana Futbol Federasiyası Bisivuya 2027-ci ildə keçiriləcək Afrika Millətlər Kubokuna hazırlıq məqsədilə əsas milliyə dərhal dəvət olunmağı təklif edib. Lakin futbolçunun atası bu təklifi rədd edib.
Belçika tərəfi gənc oyunçunun inkişafını yaxından izləyir. Bisivu özü də mərhələli şəkildə əsas milli komandaya yüksəlmək niyyətindədir.
Futbolçunun Belçikanın “Brügge” futbol klubundan “Barselona”ya keçidi onun daha çox diqqət mərkəzinə düşməsinə səbəb olub. Mövsümöncəsi hazırlıqda göstərdiyi uğurlu oyun Bisivuya 2026/2027 mövsümündə Kataloniya təmsilçisinin əsas komandasında şans qazandıra bilər.
