“Nyukasl” 220 milyon avroluq yeni məşq kompleksi inşa edəcək

21 Avqust 2026 15:02
77
“Nyukasl” 220 milyon avroluq yeni məşq kompleksi inşa edəcək

İngiltərənin “Nyukasl” futbol klubu yeni məşq kompleksinin tikintisi ilə bağlı layihəsini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Premyer Liqa təmsilçisi Nyukasl hava limanının yaxınlığında yerləşən "Vulsinqton Holl" mülkünü yeni təlim-məşq bazasının ərazisi kimi seçib.

Klub təxminən 105 hektar ərazidə müasir kompleks inşa etməyi planlaşdırır. Layihənin ümumi dəyərinin 190 milyon funt sterlinq (təxminən 430 milyon manat) olacağı bildirilir.

Tikinti planına icazə veriləcəyi təqdirdə, yeni bazanın 2029/30 mövsümünün əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Kompleksdən əsas komanda və akademiyanın yararlanacağı gözlənilir.

Layihə çərçivəsində ərazidəki tarixi "Vulsinqton Holl" malikanəsinin və park zonasının qorunaraq bərpası planlaşdırılır. Klub yeni obyektləri tarixi tikililərlə birləşdirərək müasir və yüksək səviyyəli məşq infrastrukturu yaratmaq niyyətindədir.

“Nyukasl” gələcəkdə kompleksin qadın və qızlar komandalarının istifadəsi üçün əlavə imkanlarla genişləndirilməsini də nəzərdə tutur.

Qeyd edək ki, "Vulsinqton Holl" ərazisinin klubla əlaqəsi yeni deyil. “Nyukasl”ın sabiq sahibi və prezidenti Ser Con Holl 1990-cı illərdə bu ərazidə klubun akademiyası üçün baza yaratmağı planlaşdırmışdı. İndiki layihə həmin ideyanın daha geniş formada həyata keçirilməsi olacaq.

İdman.Biz
Məqalədə: