“Barselona” gənc yetirməsini əldən buraxmaq istəmir

13 Avqust 2026 17:43
112
“Barselona” gənc yetirməsini əldən buraxmaq istəmir

İspaniyanın “Barselona” futbol klubu Mark Bernalın gələcəyi ilə bağlı onun nümayəndələri ilə danışıqlar aparıb.

İdman.Biz xəbər verir ki, “Diario Sport”un məlumatına görə, klubun idman direktoru Deko 19 yaşlı yarımmüdafiəçinin təmsilçiləri ilə görüşüb və danışıqlar müsbət məcrada keçib.

Rodrinin “Barselona”ya mümkün transferi Bernalın ətrafında müəyyən suallar yaratsa da, Kataloniya klubu La Masia yetirməsinə etimadını bir daha nümayiş etdirib. Klub rəhbərliyi gənc futbolçunu gələcək layihənin əsas simalarından biri hesab edir.

“Barselona”nın digər məqsədi Bernalın əməkhaqqını artırmaqdır. Kataloniya təmsilçisi ötən il futbolçu ilə 2029-cu ilədək yeni müqavilə imzalayarkən onun maaşının gələcəkdə yaxşılaşdırılacağını vəd edib.

İndi klub əməkdaşlığı daha iki il uzadaraq Bernalı 2031-ci ilədək komandada saxlamaq istəyir. Yeni razılaşmada yarımmüdafiəçinin əsas komandadakı mövqeyinin güclənməsi nəzərə alınaraq maaş artımı da nəzərdə tutulur.

İdman.Biz