ABŞ-nin “Los-Anceles Qalaksi” futbol komandası heyətini Serxi Roberto ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, MLS təmsilçisi 34 yaşlı ispaniyalı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb. Roberto İtaliyanın “Komo” komandası ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda ABŞ klubuna qoşulub.
Tərəflər 30 iyun 2028-ci ilədək müqavilə imzalayıblar. Sözləşmədə 2028/2029 mövsümü üçün uzatma opsiyası da nəzərdə tutulub. Transfer futbolçunun P-1 vizasını almasından sonra tam qüvvəyə minəcək.
Serxi Roberto son iki mövsümü A Seriyasının “Komo” komandasında keçirib. Bundan əvvəl isə uzun illər “Barselona”da çıxış edib. O, Kataloniya klubunun əsas komandasında 2010-cu ildə debüt edib və müxtəlif mövqelərdə oynamaq bacarığı ilə seçilib.
Roberto “Barselona” ilə çoxsaylı titullar qazanıb və xüsusilə 2017-ci ildə Çempionlar Liqasında PSJ-yə qarşı 6:1 hesablı tarixi qələbədə vurduğu həlledici qolla yadda qalıb.
“Los-Anceles Qalaksi”də Roberto keçmiş “Barselona”lı Riki Puçla yenidən komanda yoldaşı olacaq. ABŞ klubunun heyətində Marko Roys da çıxış edir.
