Dieqo Forlan Uruqvay millisinin baş məşqçisi təyin olunub

6 Avqust 2026 18:20
101
Dieqo Forlan Uruqvay millisinin baş məşqçisi təyin olunub

Uruqvay futbolunda milli komanda səviyyəsində yeni təyinat gerçəkləşib.

İdman.Biz xəbər verir ki, Uruqvay Futbol Assosiasiyası Dieqo Forlanı əsas millinin müvəqqəti baş məşqçisi təyin edib.

47 yaşlı mütəxəssis bu vəzifədə DÇ-2026-dan sonra komandadan ayrılan Marselo Byelsanı əvəzləyib. Forlan yeni baş məşqçi müəyyənləşənədək Uruqvay yığmasını qarşıdakı altı beynəlxalq oyuna hazırlayacaq. Onun 2027-ci ilin martına qədər vəzifədə qalacağı bildirilir.

Uruqvay millisinin sabiq hücumçusu eyni zamanda ölkənin U-20 yığmasına rəhbərlik edəcək. Forlanın əsas vəzifələrindən biri gənclərdən ibarət komandanı növbəti dünya çempionatına hazırlamaq olacaq.

O, futbolçu karyerası ərzində “Atletiko Madrid”, “Mançester Yunayted”, “Vilyarreal” və “İnter” kimi klublarda çıxış edib. Forlan Uruqvay millisində keçirdiyi 112 oyunda 36 qol vurub, DÇ-2010-un ən yaxşı futbolçusu seçilib və 2011-ci ildə Amerika Kubokunun qalibi olub.

İdman.Biz