Çexiyanın tanınmış futbol klublarından olan “Bohemians Praha 1905” qeyri-adi layihəyə start verib.
İdman.Biz xəbər verir ki, Praqa təmsilçisi yalnız azarkeşlərdən ibarət olacaq “Bohemians C” komandasını yaradacağını açıqlayıb.
Komanda Çexiya futbolunun doqquzuncu divizionunda çıxış edəcək və heyət tamamilə seçimdən keçən azarkeşlərdən formalaşdırılacaq.
Layihənin əsas məqsədinin idman nəticələri olmadığı bildirilib. Klub rəhbərliyi azarkeşlərə futbol oynamaq sevinci yaşatmaq və onları komandanın bir hissəsinə çevirmək niyyətindədir.
“Bohemians”ın açıqlamasında qeyd olunub ki, bu addım klubun azarkeşlərinə təşəkkürün bir formasıdır. Belə ki, 2005-ci ildə maliyyə böhranı yaşayan və müflis olan klubun yenidən ayağa qalxmasında məhz azarkeşlər mühüm rol oynayıblar.
