Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Yunanıstanın PAOK klubunun UEFA Avropa Liqasının 8-ci turunun Fransa təmsilçisi “Lion”la oyununu təxirə salmaq xahişini rədd edib.
İdman.Biz bildirir ki, bu barədə “Hellas Football” X sosial media platformasında məlumat verib. Oyun 29 yanvar cümə axşamı günü Fransanın Lion şəhərindəki “Groupama” stadionunda keçiriləcək.
27 yanvar çərşənbə axşamı günü PAOK azarkeşlərini daşıyan mikroavtobus qəzaya uğrayıb. 10 nəfəri daşıyan nəqliyyat vasitəsi Rumıniyada Fransaya gedən magistral yolda qarşıdan gələn yük maşını ilə toqquşub. Yeddi nəfər ölüb.
Daha əvvəl “Lion” oyun günü stadionunda anım tədbiri keçiriləcəyini açıqlayıb. Yunanıstan Xarici İşlər Nazirliyi Buxarestdəki Yunanıstan səfirliyinə və onun konsulluq şöbəsinə Yunanıstan vətəndaşlarına və onların ailələrinə bütün mümkün yardımı göstərməyi tapşırıb.
