“Barselona” “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə bağlı sorğu keçirib.
İdman.Biz ESPN-nə istinadla xəbər verir ki, bu barədə məlumatı jurnalist Matteo Moretto yayıb.
Onun bildirdiyinə görə, “Barselona”nın idman direktoru Deko bu yaxınlarda 26 yaşlı futbolçunun mümkün transferini müzakirə etmək üçün Milana səfər edib.
Kataloniya klubu Bastonini əvvəllər emosional vəziyyətini yaxşılaşdırmaq üçün komandadan müvəqqəti olaraq ayrılan mərkəz müdafiəçisi Ronald Arauxonun potensial əvəzedicisi kimi nəzərdən keçirir. Lakin “Barselona”nın yanvar ayında Bastonini transfer etməsinin çətin olacağı vurğulanır.
Bu mövsüm italyan futbolçu bütün yarışlarda 19 oyunda meydana çıxıb, bir qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Arauxo əvvəllər Çempionlar Liqasında “Çelsi” ilə matçda meydandan qovulmasının stressindən xilas olmaq üçün klubdan vaxt istəmişdi. KİV-də yayılan məlumatlara görə, Arauxo klub məşqlərini buraxıb və Qüdsə qısa səyahətə çıxıb. Bu səfərə onun ruhi tarazlığını bərpa etməyə yönəlmiş mənəvi və mədəni fəaliyyətlər də daxildir.
