UEFA Konfrans Liqasının beşinci turunda “Yagelloniya”nın İspaniya klubu ilə oyunundan əvvəl polşalı azarkeşlər “Rayo Valyekano” fanatlarını daşıyan avtobuslara hücum ediblər.
İdman.Biz bu barədə RMF FM-ə istinadən məlumat verir.
Hücum Varşava ilə Bialistok arasındakı sürətli yolda, Ostruv-Mazovetska məntəqəsi yaxınlığında baş verib. İki maşın ispan azarkeşlərini daşıyan avtobusların qarşısını kəsib. Çəkic və dəyənəklərlə silahlanmış şəxslər içəri girərək dava salıblar. Hücum edənlər 50-yə qədər olublar. Hadisə nəticəsində on nəfər yaralanıb - doqquz ispan və bir polyak. Üçü xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, hücum edənlər qaçıblar. Hadisə yerinə polis çağırılıb.
Konfrans Liqasında oynanılan dörd oyundan sonra “Yagelloniya” səkkiz xalla turnir cədvəlində səkkizinci yerdədir. “Rayo Valyekano” isə yeddi xalla 12-ci yerdə qərarlaşıb.
