“Barselona”nın vitse-prezidenti Elena Fort komandanın ev stadionu olan “Kamp Nou”nun adının 38 yaşlı argentinalı hücumçu Lionel Messinin şərəfinə dəyişdirilməsi ideyasını rədd edib.
Bu barədə İdman.Biz Cadena SER-ə istinadən bildirir.
“Onun xatirəsini əbədiləşdirməyin bir çox başqa, daha təsirli yolları var”, - Fort deyib.
Bundan əvvəl İspaniya mətbuatı təmir olunmuş “Kamp Nou” stadionunun adının Lionel Messinin şərəfinə dəyişdirilməsi ideyasını irəli sürmüşdü.
Futbolçu 2000-ci ildən 2021-ci ilə qədər Kataloniya klubunda oynayıb. Argentinalı 778 matçda 672 qol vuraraq "Barselona"nın bütün zamanların ən çox qol vuran oyunçusudur. “Blauqrana”da oynayarkən Messi yeddi dəfə “Qızıl top” mükafatını qazanıb.
