Niderland futbolunun əfsanəsi Frank de Bur Ağdamın “Qarabağ” komandasının qrup mərhələsindəki rəqibi olan Amsterdam “Ayaks”ını çalışdırmaqdan imtina edib.
İdman.Biz məlumat verir ki, mütəxəssis bu barədə “Voetbal International” nəşrinə açıqlamasında deyib.
De Burun sözlərinə görə, o, baş məşqçi kimi futbola qayıtmaq fikrində deyil və artıq təzyiq altında işləməyə hazır olmadığını bildirib:
“Qətiyyən yox. Bütün bunlar bədbəxtlikdir. Ümid edirəm ki, “Ayaks”da hər şeyi düzgün şəkildə edəcəklər. Komandaya struktur lazımdır. Belə oynamaq olmaz, xüsusilə də “Erediviziya” səviyyəsindəki matçlarda. Amsterdamlılar dominant üslubu yalnız 50 dəqiqə yox, 70-80 dəqiqə ərzində qoruyub saxlamalıdırlar. “Ayaks” belə oynamalıdır”, - deyə de Bur bildirib.
De Burun “Ayaks”dan ayrıldıqdan sonrakı dövrü uğursuzluqlarla yadda qalıb. O, “İnter” klubunda cəmi 85 gün çalışıb, İngiltərə Premyer Liqasında “Kristal Pelas”la keçirdiyi beş oyun da məğlubiyyətlə nəticələnib. Daha sonra Niderland yığmasına rəhbərlik edən mütəxəssis Avropa çempionatının 1/8 finalında uduzduqdan sonra milli komandadan ayrılıb.
De Bur etiraf edib ki, hazırda İspaniyada sakit həyat tərzi sürmək, UEFA və televiziya ilə əməkdaşlıq etmək onu daha çox məmnun edir:
“İndiki vəziyyətimdə özümü yaxşı hiss edirəm. Mən o neqativ atmosferi əsla darıxmıram”.
De Burun imtinası o deməkdir ki, cari mövsümdə ciddi problemlərlə üzləşən “Ayaks” yeni baş məşqçi axtarışını davam etdirəcək. Qeyd edək ki, “Ayaks” noyabrın 6-da ardıcıl uğursuz nəticələr səbəbindən həm Çempionlar Liqasında, həm də “Erediviziya”da qeyri-sabit çıxışlara görə baş məşqçi Jonni Heytinqanı vəzifəsindən azad edib.
Hazırda komandanın baş məşqçi səlahiyyətlərini Fred Qrim icra edir. O, yeni mütəxəssis təyin olunana qədər komandanı idarə edəcək.
Heytinqanın istefası zamanı “Ayaks” “Erediviziya”da avrokubok zonasındaydı. Lakin Çempionlar Liqasında Amsterdam təmsilçisi xal toplaya bilməyib və ümumi siyahıda sonuncu - 36-cı yerdə qərarlaşıb. “Qarabağ” isə 7 xalla 15-ci pillədədir.
Qurban Qurbanovun komandası “Ayaks”la növbəti oyunu 10 dekabrda Bakıda keçirəcək. Amsterdam klubunun bu mövsümdəki zəif çıxışını nəzərə alsaq, ağdamlılar qarşıdakı görüşdə qələbəyə real şəkildə ümid edə bilərlər.
Teymur Tuşiyev
