Azərbaycan əsilli iş adamı Tufan Sadıqovun səhmdarı olduğu “Serik Belediyespor” klubunun oyunçuları məşqi boykot edirlər.
İdman.Biz-in “Ajansspor”a istinadən verdiyi məlumata görə, Türkiyə klubunun oyunçuları səkkiz həftədir ki, maaşlarını və bonuslarını ala bilmirlər. Oyunçuların etirazı səbəbindən dünən məşq sessiyası ləğv edilib.
Bəzi klub işçilərinin istefa verməyi düşündükləri, həmçinin oyunçuların açıq etiraz aksiyasına hazır olduqları bildirilir. Oyunçular noyabr ayına qədər gözləmək niyyətindədirlər. Ödənişlər olmazsa, kluba müqavilənin pozulması barədə rəsmi bildiriş göndərəcəklər.
Bundan əlavə, klub hələ də mövsümün əvvəlində əldə edilən Aleksandr Martınovun transferi üçün kompensasiya ödəməyib. Belarusun BATE klubu bu məsələ ilə bağlı FIFA-ya müraciət etmək niyyətindədir.
Türkiyə Birinci Liqasında çıxış edən “Serik Belediyespor”un baş məşqçisi Sergey Yurandır. Rusiya “Ximki”sinin keçmiş investoru Tufan Sadıqov klubun səhmlərinin 50%-ni əldə edib.
