“Qızıl top” qalmaqalı: Nəticələri əvvəlcədən bilənlər 200 min dollar qazanıb

1 Noyabr 2026 23:32
106
“Qızıl top” qalmaqalı: Nəticələri əvvəlcədən bilənlər 200 min dollar qazanıb

Futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biri olan “Qızıl top”un 2026-cı il üzrə nəticələri ətrafında qalmaqal yaranıb.

İdman.Biz xəbər verir ki, mükafatın qaliblərinin adlarının rəsmi mərasimdən xeyli əvvəl məlum olması və bu məlumatlardan mərc oyunlarında istifadə edilməsi ehtimalı araşdırılır.

Britaniyanın “The Guardian” qəzeti və Fransa mediasının məlumatına görə, Fransada qadağan olunan “Polymarket” kriptovalyuta əsaslı proqnoz platformasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb.

Məlumata əsasən, oktyabrın 1-dən 21-dək 12 anonim hesab vasitəsilə ümumilikdə 264 min dollardan çox mərc edilib. Diqqətçəkən məqam həmin istifadəçilərin yalnız qalibi deyil, ilk beş yeri tutan futbolçuların ardıcıllığını da dəqiq proqnozlaşdırmasıdır.

Mərc edənlər təxminən 200 min dollar xalis gəlir əldə ediblər. Onlara ödənilən ümumi məbləğ isə 460 min dolları keçib.

2026-cı ilin “Qızıl top” səsverməsində ilk beşlik belə olub:

1. Harri Keyn - 1055 xal

2. Kilian Mbappe - 1027 xal

3. Lamin Yamal - 881 xal

4. Rodri - 726 xal

5. Lionel Messi - 612 xal

Şübhələri artıran digər məqam hesabların qeydiyyatdan dərhal sonra yaradılması və böyük məbləğlərin məhz bu hadisəyə yatırılmasıdır.

“Upside” adlı araşdırma layihəsinin məlumatına görə, əməliyyatlardan birinin arxasında dayanan şəxsin müəyyənləşdirilməsi istiqamətində də irəliləyiş əldə olunub.

Fransalı idman şərhçisi Daniel Riolo “Qızıl top”u təqdim edən “France Football” jurnalından və təşkilatçılardan ictimai izahat tələb edib.

Araşdırmaçı jurnalist Romen Molina isə məsələnin böyük media qurumlarında kifayət qədər işıqlandırılmamasına təəccübləndiyini bildirib. Onun fikrincə, daxili məlumat sızması və ya manipulyasiya təsdiqlənərsə, bu, mükafatın nüfuzuna ciddi zərbə vura bilər.

Qeyd edək ki, məlumat sızması hələ sübuta yetirilməyib. Məsələ ilə bağlı daxili araşdırma aparılır, hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

İdman.Biz