“Real Madrid” və Braziliya millisinin müdafiəçisi Eder Militao ağır zədə aldıqdan sonra karyerasını bitirmək fikrində olduğunu etiraf edib.
İdman.biz-in məlumatına görə, Militao yaxınlarının dəstəyi ilə bu fikirdən vaz keçdiyini deyib.
"İkinci zədədən sonra beynimdən çoxlu fikirlər keçdi. Karyeramı başa vurmaq barədə düşündüm, çünki bu, asan deyildi. Amma həyat yoldaşım, qızım və komanda yoldaşlarımın dəstəyi ilə buradayam və oynamağa hazıram.
Bu, iki çox ciddi zədə ilə çətin iki il oldu. İkinci zədə ilə fərqli davranırsınız, çünki prosesi artıq bilirsiniz. Bu asan deyil. Ailənə, Allaha çox yaxın olmaq lazımdır... Adi rutin ortadan qalxır: məşq, şəxsi həyatınız. Birdən evdəsiniz, başqalarının köməyindən asılısınız. Tanrıya şükürlər olsun ki, sağaldım və ən yüksək səviyyəyə qayıtdım”, - “Marca” Militaonun sözlərindən sitat gətirib.
12 avqust 2023-cü ildə müdafiəçi “Atletik Bilbao” ilə matçda sol dizindəki çarpaz bağı qoparmışdı. 2024-cü ilin noyabrında o, hər iki diz meniskinin zədələnməsi ilə birlikdə sağ dizindəki ön çarpaz bağın tam qopması ilə üzləşib. Militao daha sonra təxminən iki mövsümü buraxıb.