Baş məşqçi Didye Deşam Pol Poqbanın Fransa millisinə mümkün qayıdışından danışıb.
İdman.biz bildirir ki, bu yay 32 yaşlı Poqba dopinq qadağası bitdikdən sonra futbola qayıdıb və “Monako” ilə müqavilə imzalayıb.
“Bəli, o, yenidən futbolçu olmağa yaxındır. Fransa millisinə qayıdış? Şübhə etmirəm ki, o, bunu istəyir və bu, onun məqsədidir. Amma onun keçəcəyi bir neçə mərhələ var.
Növbəti mərhələ onun “Monako” formasını geyinib meydana çıxmasıdır. Ümid edirəm ki, onda hər şey alınacaq. Sonra görəcəyik. Ona arzuladığım tək şey bu ilk addımı atmaqdır.
Milliyə mümkün qayıdışına gəlincə, “hə” desəm, hamı “oho, Poqba qayıdır” deyə düşünəcək. “Yox” desəm, axmaq kimi görünəcəm. Beləliklə, heç bir variant alınmır. Ona arzuladığım tək şey bu ilk addımı atmasıdır”, - baş məşqçi deyib.
Fransa millisi oktybarın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda başlayacaq.