Fransalı xizəkçi Argentinada qar uçqununda həlak olub

1 Oktyabr 2026 05:28
93
Fransalı xizəkçi Argentinada qar uçqununda həlak olub

Fransalı xizəkçi Jülyet Vilmann Argentinada qar uçqunu nəticəsində 29 yaşında həyatını itirib.

İdman.Biz xəbər verir ki, faciə sentyabrın 29-da Pataqoniyada, El-Çalten yaxınlığındakı Serro-Kreston dağında baş verib. Vilmann həyat yoldaşı Pyer-İdris Mehdi ilə birlikdə xizək sürərkən, yerli vaxtla saat 12:30 radələrində qar uçqunu onların üzərinə düşüb. İlkin məlumata görə, hadisəyə qar qatının qopması səbəb olub.

Hadisə yeri Del-Desyerto gölünün cənubunda, gediş-gəlişi çətin olan ərazidə yerləşir. Qar uçqunu barədə həyəcan siqnalını yaxınlıqdakı bələdçi verib. Digər xizəkçilər xilasedicilərdən əvvəl hadisə yerinə çataraq zərərçəkənləri qarın altından çıxarıb və onlara ilk tibbi yardım göstəriblər.

Əraziyə çatan xilasedicilər Vilmannın öldüyünü müəyyənləşdiriblər. Xəsarət alan həyat yoldaşı isə evakuasiya edilərək xəstəxanaya çatdırılıb. Faciənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

Vilmann sərbəst xizək sürmə yarışlarında çıxış edib. O, 2018-ci ildə “Freeride World Qualifier” təsnifat seriyasının ümumi hesabında qalib gəlib. 2021-ci ildə isə “Freeride World Tour”un yekun sıralamasında dördüncü yeri tutub.

Fransalı idmançı 2022-ci il mövsümündən sonra dünya turunda çıxışlarını başa vuraraq diqqətini yüksək dağlıq xizək layihələrinə yönəldib.

İdman.Biz