Yevgeni Plyuşenko oğlunun Azərbaycan millisində debütünü dəyərləndirib: “Heç bir fəlakət yoxdur, biz hələ indi başlayırıq” - VİDEO

18 Sentyabr 2026 17:45
104
Yevgeni Plyuşenko oğlunun Azərbaycan millisində debütünü dəyərləndirib: “Heç bir fəlakət yoxdur, biz hələ indi başlayırıq”

Azərbaycan millisinin fiqurlu konkisürəni Aleksandr Plyuşenkonun atası və məşqçisi Yevgeni Plyuşenko oğlunun Azərbaycan yığmasının heyətində Türkiyədə keçirilən gənclər arasında Qran-pri mərhələsindəki debüt çıxışından sonra azarkeşlərə müraciət edib.

O, idmançının çıxışında bir sıçrayışın alınmamasının ciddi problem olmadığını bildirib:

“Bütün azarkeşlərimizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Əlbəttə, bütün tənqidçilərə də salam göndərirəm. Səmimi deyirəm, heç bir fəlakət yoxdur. Bir sıçrayışın alınmaması ciddi problem deyil. Belə hallar olur. Qarşıda hələ uzun yol var, biz yenicə başlayırıq. Yaxşı çıxış və nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik. Hamınızı sevir və öpürük”.

Plyuşenko ailəsinin müraciətində Aleksandr da azarkeşlərə səslənib. O, yarışın sabah keçiriləcək son günündə də azarkeşlərdən ona dəstək olmalarını istəyib:

“Sabah məni izləyin və dəstək olun. Əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Aleksandr Plyuşenko dünən Ankarada keçirilən Qran-pridə qısa proqramla çıxış edib. O, 57,12 xalla hazırda 16-cı pillədə qərarlaşıb. Sabah idmançı sərbəst proqramı təqdim edəcək. İki proqramın nəticəsinə əsasən onun yekun sıralamadakı mövqeyi müəyyənləşəcək.

İdman.Biz