Bu gün - sentyabrın 17-də Türkiyənin paytaxtı Ankarada fiqurlu konkisürmə üzrə gənclər arasında Qran-pri mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan millisinin heyətində Aleksandr Plyuşenko debüt edəcək. Bu, 13 yaşlı idmançının beynəlxalq arenada ilk çıxışı olacaq.
Bundan başqa, Azərbaycanı yarışda fərdi proqramda çıxış edən Arina Kalugina, həmçinin Anna O’Brayen – Dreyk Tonq rəqs cütlüyü təmsil edəcək.
Sentyabrın 19-dək davam edəcək yarışın bütün çıxışlarını Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi “Skating ISU” kanalından izləmək mümkün olacaq.
Bu gün qısa proqramlar təqdim ediləcək. Qadınların yarışında 39 fiqurlu konkisürən mübarizə aparacaq. 15 yaşlı Arina Kalugina buz üzərinə sonuncu çıxacaq. Onun çıxışı Bakı vaxtı ilə saat 16:06-da başlayacaq.
Kişilərin yarışında isə 33 idmançı iştirak edəcək. Aleksandr Plyuşenko təxminən saat 22:36-da çıxış edəcək. Rəqs cütləri isə mübarizəyə sabah – sentyabrın 18-də, saat 15:30-da başlayacaqlar.
Kaluginanın proqramı və şəxsi rekordları
Arina Kaluginanın texniki proqramında üçqat lutz, ayaq dəyişməklə kombinə edilmiş fırlanma, ikiqat aksel və üçqat flip + üçqat tulup kombinasiyası yer alıb.
Kaluginanın karyerasında ümumi nəticə üzrə ən yüksək göstəricisi 172,43 baldır. O, bu nəticəni 2025-ci ildə keçirilən gənclər arasında dünya çempionatında toplayaraq 14-cü yeri tutub.
Həmin yarışda idmançı sərbəst proqram üzrə də şəxsi rekorduna imza atıb – 115,39 bal. Qısa proqramda isə Kaluginanın ən yüksək nəticəsi 57,87 baldır. O, bu göstəriciyə 2025-ci ilin sentyabrında Bakıda keçirilən ISU-nun gənclər arasında Qran-pri mərhələsində nail olub və yarışı yeddinci pillədə başa vurub.
Plyuşenkonun beynəlxalq debütü
Kişilərin yarışında Aleksandr Plyuşenkonun texniki proqramı Kaluginanın proqramına böyük ölçüdə bənzəyir. Fərq əsasən fırlanma elementindədir. Azərbaycan millisinin debütantı tullanmadan girişlə icra olunan “libela” fırlanması təqdim edəcək. Bu elementin baza dəyəri digər fırlanma növləri ilə müqayisədə daha aşağıdır.
13 yaşlı Plyuşenko bəzi rəqiblərindən proqramında “ultra-si” - yüksək çətinlik dərəcəsinə malik tullanmaların olmaması ilə də fərqlənir. Qran-prinin bəzi iştirakçıları qısa proqramda üçqat aksel yerinə yetirməyi planlaşdırıblar.
Bununla belə, Plyuşenkonun cəmi 13 yaşında olduğunu və bu yarışın onun ISU-nun himayəsi altında beynəlxalq arenada ilk çıxışı olduğunu nəzərə almaq lazımdır.
Bu səbəbdən onun beynəlxalq yarışlardakı ən yaxşı nəticələri ilə bağlı statistika hələ formalaşmayıb. Rusiyada keçirilən yarışlardakı nəticələrinə əsasən isə Plyuşenkonun ümumi bal üzrə ən yüksək göstəricisi 234,18 baldır. O, bu nəticəni 2025-ci ildə Rusiya gənclər çempionatının Mərkəzi Federal Dairəsi üzrə keçirilən yarışında göstərib.
Musiqi seçimi
Kalugina qısa proqramını Ledi Qaqa və Xoakin Feniksin ifasında səslənən “(They Long To Be) Close To You” kompozisiyasının sədaları altında təqdim edəcək. Proqramda həmçinin Klaasın, Enni Lennoks və Deyv Stüartın “Sweet Dreams” əsəri səslənəcək.
Aleksandr Plyuşenko isə qısa proqramını Didyulanın “Flamenco” kompozisiyası ilə təqdim edəcək.
Qeyd edək ki, qısa proqramdan sonra bütün iştirakçılar tutduqları mövqedən asılı olmayaraq sərbəst proqram mərhələsində çıxış etmək hüququ qazanacaqlar. Qadınların sərbəst proqramı sentyabrın 18-də, kişilərin final mərhələsi isə sentyabrın 19-da keçiriləcək.
