Emin Ağalarov Azərbaycanda hokkey və fiqurlu konkisürmənin inkişafı ilə bağlı planlarını açıqladı - VİDEO

10 Sentyabr 2026 17:59
101
Emin Ağalarov Azərbaycanda hokkey və fiqurlu konkisürmənin inkişafı ilə bağlı planlarını açıqladı - VİDEO

Azərbaycanlı iş adamı Emin Ağalarov ölkədə fiqurlu konkisürmə və hokkeyin inkişafı ilə bağlı planlarından danışıb.

İdman.Biz xəbər verir ki, Ağalarov bu barədə özünün “YouTube” kanalında yayımlanan podkastda danışıb.

Verilişdə rusiyalı prodüser Yana Rudkovskaya və ikiqat Olimpiya çempionu, fiqurlu konkisürən Yevgeni Plyuşenko da iştirak edib. Onlar bu yaxınlarda Azərbaycan bayrağı altında çıxış etmək qərarı verən fiqurlu konkisürən Aleksandr Plyuşenkonun valideynləridir.

Emin Ağalarov “Sea Breeze”də fiqurlu konkisürmə və hokkey məktəbləri açmağı və bu layihələri Plyuşenko ailəsi ilə birgə həyata keçirməyi planlaşdırdığını bildirib.

“Mən əminəm ki, bu arzunu “Sea Breeze”də reallaşdırmağa imkan verəcək bir model tapa biləcəyik. İdmanla bağlı hər şeyi qururuq: padel akademiyası, tennis akademiyası, futbol stadionu. İki buz arenası inşa etməyi və onların tribunalarının olmasını müzakirə etmişik ki, orada şoular keçirə bilək, eyni zamanda fiqurlu konkisürmə və hokkeyi ayrıca inkişaf etdirək”, - deyə azərbaycanlı iş adamı bildirib.

Yana Rudkovskaya və Yevgeni Plyuşenko gələcəkdə bu arenalarda fiqurlu konkisürmə üzrə beynəlxalq yarışların, o cümlədən Qran-pri mərhələlərinin və Avropa çempionatının keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Plyuşenko Azərbaycanda buz idman növlərinin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib:

“Bir neçə il əvvəl Azərbaycanda, Bakıda beynəlxalq yarış - yeniyetmələr arasında Qran-pri mərhələsi keçirildi. Çox uğurlu alındı. Ölkədə güləş, boks, taekvondo, karate çox yaxşı inkişaf edir. UFC-də çıxış edən idmançılar var. Bu, çox gözəldir. Amma cəmi bir buz arenası var və bu, kifayət deyil. Ona görə də gələcəkdə “Sea Breeze”də tam funksional hokkey və fiqurlu konkisürmə məktəbi olsa, əlbəttə, tamamilə başqa səviyyəyə çıxa bilərik”.

Emin Ağalarov “Sea Breeze”də idmanın inkişafını kurorta daha çox qonaq cəlb etməyə yönəlmiş kommersiya planının bir hissəsi kimi də nəzərdən keçirir.

Podkast iştirakçıları Aleksandr Plyuşenkonun Azərbaycan millisində çıxış etməsi mövzusuna da toxunublar. Emin Ağalarov bu prosesə dəstək verdiyini bildirib:

“Bunun ümumiyyətlə mümkün olduğunu başa düşəndə çox sevindim. Mənim üçün bu, “Niyə də olmasın?” demək idi. Kifayət qədər qısa müddət keçdi və siz mənim yanıma gəlib dediniz: “Emin, hər şey həll olundu, qərar verdik”.

O, Azərbaycan və Rusiya arasında münasibətlərdə yaşanan “turbulentlikdən” sonra bu addımın iki ölkənin yaxınlaşmasına da töhfə verə biləcəyini bildirib:

“Mən hesab edirəm ki, sizin artıq Azərbaycan fiqurlu konkisürməsində iştirakınız Rusiya ilə Azərbaycan arasında daha bir körpüdür və bu yaxınlaşmaya kömək edir. Buna çox pozitiv bir hadisə kimi yanaşmaq lazımdır”.

Yana Rudkovskaya isə oğlunun Azərbaycan millisində çıxış etmək qərarı ilə bağlı onunla söhbətindən danışıb. Onun sözlərinə görə, Aleksandr özündən yaşca böyük və Rusiyanın ən güclü idmançıları ilə rəqabət aparmaqda çətinlik çəkirdi və bu, onun motivasiyasının azalmasına səbəb olmuşdu.

“Oğlum dedi: “Motivasiyam itib. Mən yarışmaq istəyirəm”. Artıq əlləri yanına düşmüşdü. Biz ondan hansı ölkənin xoşuna gəldiyini soruşduq. Azərbaycan isə onun həmişə xoşuna gəlib, çünki burada yaxşı yemək verirlər. Bura insanın hər kəs tərəfindən sevildiyi ən qonaqpərvər ölkədir. O deyir: “Bu ölkədə məni hamı sevir”. Çünki burada onu inanılmaz şəkildə qarşılayırlar. Bakıda dəfələrlə şoular keçirmişik. Həmin şoularda insanlar ayağa qalxırdılar. O, bu qonaqpərvərliyi və mehribanlığı gördü və dedi: “Azərbaycan üçün çıxış etmək istəyirəm”, - deyə Rudkovskaya bildirib.

O, oğlu ilə qarşılaşacağı mümkün tənqidlər barədə də danışdığını və Aleksandrın bunu sakit qarşıladığını qeyd edib. Bununla belə, valideynləri neqativ reaksiyanın bu qədər böyük miqyas alacağını gözləmirmiş.

Onların sözlərinə görə, xarici fiqurlu konkisürənlərlə çalışan rusiyalı məşqçilərə münasibətdə belə reaksiya yaranmır. Onlar həmçinin Aleksandrı əsasən fiqurlu konkisürmə ilə əlaqəsi olmayan insanların tənqid etdiyini bildiriblər.

“Ən vacib məqam isə budur: o, dövlət tərəfindən maliyyələşdirilmirdi, özəl məktəbdə məşq edirdi, Rusiya millisində heç kimin yerini tutmurdu. Zaman keçdikcə onu buraxmaq daha çətin olardı, çünki formaya düşməyə başlamışdı. İndi o, artıq ultra-Si elementini – üçqat akseli etməyə başlayıb. Hələlik tam fırlanmanı başa çatdırmır, amma bunu edəcək, bu aydındır. Bundan sonra qaydalara görə getmək daha çətin olardı. Onun kiməsə xəyanət etdiyini deyəndə isə, o, heç kimə xəyanət etməyib. Atası dörd Olimpiya tsiklini keçib, həyatını bu işə həsr edib”, - Rudkovskaya deyib.

Qeyd edək ki, Aleksandr Plyuşenkonun Azərbaycan millisinin heyətində debütü sentyabrın 17-də Ankarada keçiriləcək yeniyetmələr arasında Qran-pri mərhələsində baş tutacaq.

İdman.Biz