Fiqurlu konkisürənimiz Avropa çempionatında çıxış edəcək

Xəbərlər
24 Dekabr 2025 12:38
80
Fiqurlu konkisürənimiz Avropa çempionatında çıxış edəcək

2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev yanvarda Avropa çempionatında iştirak edəcək.

Bunu Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.

Qurum rəsmisi hər iki idmançının olimpiadaya hazırlıqları haqqında sualı cavablandırıb:

“Vladimir Litvintsev Qış Olimpiya Oyunlarına dünya çempionatındakı nəticələrinə əsasən lisenziya əldə etmişdi. Anastasiya Papatomanın dünya çempionatına vəsiqə qazanması isə bu yaxınlarda müəyyənləşdi. O, Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən keçirilən dağ xizəyi üzrə bir neçə yarışda yığdığı xalların cəminə görə olimpiadaya vəsiqə qazanıb. Hazırda hər iki idmançı intensiv məşqlər keçir. V.Litvintsev yanvarda Avropa çempionatında iştirak edəcək. Anastasiya da məşqləri davam etdirir. Ümidvarıq ki, hər iki idmançı Qış Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər”, - deyə o “Report”a açıqlamasında bildirib.

Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.

İdman.Biz