Firdovsi Umudov: “Bunlar gənc idmançılarımıza böyük motivasiya olacaq”

Müsahibə
13 Aprel 2024 13:54
Firdovsi Umudov: “Bunlar gənc idmançılarımıza böyük motivasiya olacaq”

“Dadaş Dadaşbəyli böyük əzimkarlıq göstərdi”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimində deyib.

O, Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin (109 kq) Tailandın Puket şəhərində Dünya Kubokunda 3 gümüş medal qazanması şərh edib. Umudov bildirib ki, yığmanın lideri sonuncu Avropa çempionatında ciddi zədələr alıb: “Bu yarışda da bütün yeniyetmə və gənc idmançılarımıza örnək bir hərəkət nümayiş etdirdi. Onun ağrılarının və hazırki vəziyyətinin şahidi idik. Həm Dadaşın özünə, həm də şəxsi məşqçisinə xüsusi təşəkkürümü bildirirəm ki, belə bir nəticə qazandı. İnanıram ki, bütün bunlar gənc idmançılarımıza böyük motivasiya olacaq. Komandamızda Dadaşların yer alacağına və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklərinə ümid edirəm”.

O, iştirak etdiyi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının xüsusi konqresi barədə də məlumat verib: “Bir sıra görüşlərimiz oldu. Bunun böyük önəm kəsb etdiyini düşünürəm. Biz beynəlxalq federasiyanın prezidenti Mehemmed Cavadla müəyyən məsələlər müzakirə edərək, gələcəkdə ölkəmizdə keçiriləcək yarışlar, seminarlar və digər məsələlər barədə də söhbətlər apardıq. Görüş zamanı dövlət başçısı İlham Əliyev tərəfindən idmana və idmançılarımıza göstərilən diqqət və qayğıdan da söz açıldı. İnanıram ki, federasiyasının planlarında da dəyişiklik olacaqdır”.

Banuçiçək Hüseynli
İdman.biz