Millimizin baş məşqçisi: “Səhvlər yaxşı oynamaq istədiyimiz üçün baş verdi”

Müsahibə
19 May 2024 21:26
131
Millimizin baş məşqçisi: “Səhvlər yaxşı oynamaq istədiyimiz üçün baş verdi”

“Uzun müddətdir bir yerdə oynamayan komandayıq”.

Bunu İdman.bizə kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

O, Qızıl Avropa Liqasında Ukrayna yığmasına 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib. Cəlalovun sözlərinə görə, heyətə yeni oyunçular cəlb olunduğu üçün komanda hələ tam formalaşmayıb: “Qarşıda daha bir neçə oyunumuz var. Bu görüşlər təcrübə baxımından əhəmiyyətlidir. Ukrayna ilə matçda bəzi səhvlər oldu. Bunu texiniki səhvlər adlandırardım. Çünki bunlar bilavasitə həyəcandan olur. Ümid edirəm ki, növbəti oyunlarda voleybolçularımın hamısından istifadə edə biləcəm. Bu gün ikinci setdə oyunçuların əksəriyyəti meydana çıxdı”.

O bildirib ki, növbəti mərhələlərdə daha yaxşı oynayacaqlar: “Komandanın səviyyəsini gücləndirmək üçün daha çox matçlara ehtiyacımız var. Ukrayna Rumıniyadan daha güclüdür. İlk görüşdə gözlədiyim kimi oynamadıqları üçün uşaqlardan narazı qalmışdım. Bu gün də səhvlərimiz çox oldu. Servis xətalarımız vardı ki, Ukrayna millisi kimi rəqiblə oynarkən bunu etmək olmaz”.

O, məğlubiyyətə baxmayaraq, oyunçularına təşəkkür edib: “Görüşdən öncə danışdığımız kimi daha yaxşı oyun göstərməyə çalışdılar. Səhvlər də daha yaxşı oynamaq istədiyimiz üçün baş verdi. Növbəti qarşılaşmalarda biz bunları aradan qaldıracağıq. Düzdür, növbəti mərhələyə ev sahibliyi edəcək Belçika, orada oynayacağımız Şimali Makedoniya da güclüdürlər. Bu il reytinq səbəbindən daha üst səviyyədə çıxış edirik. Əsas məqsədimiz Azərbaycan voleybolunun reytinqini yüksəklərə qaldırmaqdır”.

Qeyd edək ki, yığmamız ilk qarşılaşmada Rumıniyaya da 0:3 hesabı ilə uduzub.

Banuçiçək Hüseynli
İdman.biz