"Məqsədimiz "Xarı bülbül"ü Avropada tanıtmaqdır" - FOTO

Xəbərlər
7 Sentyabr 2023 13:58
596
"Məqsədimiz "Xarı bülbül"ü Avropada tanıtmaqdır" - FOTO

Bu il Avrokuboklarda bizi təmsil edəcək "Xarı bülbül" voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov İdman.biz-ə hazırlıqlarla bağlı danışıb. Z.Rəcəbov Şuşa təmsilçisinin hazırlıqlara start verdiyini söyləyib:

"Hazırlıqlar sentyabrın 1-dan başlayıb, avqustun 30-u Dərnəgül Voleybol mərkəzində ilk tanışlıq görüşümüz oldu. İlkin olaraq planda 10 gün fiziki hazırlıq məşqləri keçməkdir, ondan sonra taktiki-texniki sistem quracağıq. Vaxtımız azdır, lakin prosesin sürətlə irəliləməsinə köklənmişik.

Təcrübəli mütəxəssis Avrokuboklara ciddi hazırlaşdıqlarıni qeyd edib:

"Avrokuboklara ciddi hazırlıqlar gedir, oyunçular ruh yüksəkliyi ilə çalışırlar. Transfer çalışmalarımızın çox uğurlu alındı. Kanada, Avstriya, Amerika, Serbiya, Puerto Riko kimi ölkələrdən voleybolçular transfer etmişik. Hər birinin özünəməxsus üstün cəhətləri, oyun üslubları və təcrübələri var.

Onları əvvələr bəyənmişdim, Bakıda məşqə qatılanda istər fiziki, istərsə də texniki cəhətdən istədiyim performansı göstərə bildilər. Aralarında gənclər var ki, təcrübələri azdır, amma Moroz, Okolic (Serbiya millisinin üzvü) kimi voleybolçularla birgə çıxış edib böyük təcrübə qazanacaqlar.

Avrokuboklardakı oyunlara gəlincə, Slovakiya təmsilçisi ilə 25-26 oktyabr tarixlərində 2 oyun Bakıda baş tutacaq. Slovakiya təmsilçisi ilə danışıb belə qərara gəldik ki, hər iki oyunu Azərbaycanda keçirək. Onlar da bu təklifə müsbət yanaşdılar. Növbəti oyun Yunanıstan Təmsilçisi "Panatinaikos"a qarşı keçirəcəyik, həmin oyun ağır olacaq, lakin inanıram ki, son gücümüzü ortaya qoyub meydandan qalib ayrılacağıq. Necə ki, bizim təmsil etdiyimiz Şuşada canından, qanından keçmiş şəhidlərimiz, qazilərimiz, eləcə də vətən müharibəsi iştirakçılarımız Şuşa uğrunda böyük şücaət göstəriblər. Bizim də borcumuzdur ki, meydanda bundan artığını edək. Qələbə bizim üçün çox vacibdir, həm klubumuzun adı Avropada tanınsın, həm də təbliğata bir növ dəstək olsun. Düzdür, idmanı siyasətə qatmaq olmaz, amma idman da bir siyasətdir, siyasət də qələbələrlə qazanılır".

Ağa Dadaşzadə

İdman.biz