Millimizin sabiq voleybolçusu: “Türkiyə üzərində niyə qələbə qazanmayaq?”

1 Sentyabr 2026 14:07
75
Millimizin sabiq voleybolçusu: “Türkiyə üzərində niyə qələbə qazanmayaq?”

“Millimiz öz oyununu nümayiş etdirsə, Türkiyə komandası ilə sonadək mübarizə apara bilər”.

Bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü Natəvan Qasımova yığmanın bu gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə seçməsinə qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Hazırda qardaş ölkədə yaşayan veteran voleybolçu Türkiyə yığmasının yarışın favoritlərindən biri olduğunu vurğulayıb. Bununla belə, o, Azərbaycan millisinin qələbə qazanmaq üçün əlindən gələni edəcəyinə inandığını bildirib.

“Millimizin bütün oyunlarını izləmişəm. Həqiqətən də qızlarımız qələbə qazanmaq üçün canla-başla mübarizə aparırlar. Xüsusilə Vətəndə, öz azarkeşlərimizin qarşısında oynamaq hər bir oyunçuya əlavə güc verir. Hesab edirəm ki, Niderland və Belçika komandalarını da məğlub etmək olardı. Sadəcə, bəzi məqamlarda buraxılan səhvlər nəticəsində həmin iki oyundan məğlub ayrıldıq”, - deyə Qasımova AZƏRTAC-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Türkiyə ilə qarşılaşmada əsas məqsəd səhvləri minimuma endirmək və oyunun bütün anlarında maksimum diqqətli olmaqdır: “Niyə də Türkiyə millisi üzərində qələbə qazanmayaq? İnanıram ki, qızlarımız sona qədər mübarizə aparacaq və öz oyunlarını nümayiş etdirə biləcəklər”.

Qeyd edək ki, İstanbulda yerləşən “Sinan Erdem” İdman Salonunda keçiriləcək Azərbaycan-Türkiyə matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan yığması Avropa çempionatının C qrupunda mübarizə aparıb. Milli komanda Bakıda təşkil olunan oyunlarda 8 xal toplayaraq üçüncü yeri tutub və pley-off mərhələsinə yüksəlib.

İdman.Biz