Kişilər arasında voleybol üzrə Azərbaycan çempionatının doqquzuncu turunda keçirilən “Xilasədici” - “Neftçi” oyunu mövsümün əsl bəzəyinə çevrilib.
3:2 hesabı ilə “Neftçi”nin əzmkar qələbəsi ilə başa çatan qarşılaşma (22:25, 17:25, 25:22, 25:23, 17:15) “neftçilər”i yenidən turnir cədvəlinin zirvəsinə qaytarıb.
Hazırda ilk üçlük belədir: “Neftçi” – 20 xal, “Ordu” – 19 xal, “Xilasədici” – 16 xal.
İdman.Biz oyunun yekunu ilə bağlı “Neftçi”nin baş məşqçisi, ukraynalı mütəxəssis Viktor Boldarevdən münasibət öyrənib.
“Mən komandanı rəqibdən asılı olmayaraq hər oyuna maksimum ciddi kökləməyə çalışıram. Hətta hələ qələbəsi olmayan, amma istənilən matçda sürpriz edə bilən “Gənclər”lə oyunlara da bu cür yanaşırıq. Bu qarşılaşmadan əvvəl də voleybolçulara bir daha xatırlatdım ki, Azərbaycan çempionatının üstünlüyü ondadır ki, burada asan oyun yoxdur – altı klubun hər biri digərini məğlub edə bilər və bu altı komandadan ən azı dördü çempion ola bilər. Dünənki qarşılaşma sözlərimin doğruluğunu sübut etdi: rəqiblərimiz çempionluq əzmi ilə mübarizə apardılar, lakin biz bir qədər üstün olduq. Bəli, hazırda birinci yerdəyik, amma bu hələ heç nə demək deyil – qarşıda çoxlu oyun var və vəziyyət hər turda dəyişə bilər”, – deyə Viktor Boldarev bildirib.
