Azərbaycan yığmaları beynəlxalq EEVZA turnirində qüvvəsini sınayacaq - FOTO

Xəbərlər
14 Noyabr 2025 14:07
61
Azərbaycan yığmaları beynəlxalq EEVZA turnirində qüvvəsini sınayacaq - FOTO

Azərbaycanın 18 yaşadək (U-18) voleybolçulardan ibarət yığmaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, qızlardan ibarət millimiz 20-23 noyabr tarixlərində Gürcüstanın Telavi şəhərində keçiriləcək turnirdə mübarizə aparacaq.

Yarışda Gürcüstan, Ermənistan, Ukrayna, Estoniya və Polşanın milli komandaları da iştirak edəcəklər. A qrupunda yer alan komandamız Gürcüstan və Polşa yığmaları ilə qarşılaşacaq.

Oğlanlardan ibarət millimiz isə 20-23 noyabr tarixlərində Latviyanın Daugavpils şəhərində təşkil olunacaq çempionatda Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa yığmaları ilə birgə mübarizə aparacaq. B qrupunda yer alan komandamız Estoniya və Ukrayna yığmaları ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, qrup mərhələsinin nəticəsinə görə, noyabrın 23-də A qrupunun birincisi B qrupunun birincisi ilə (A1-B1), A qrupunun ikincisi B qrupunun ikincisi ilə (A2-B2), A qrupunun üçüncüsü isə B qrupunun üçüncüsü ilə (A3-B3) üz-üzə gələcək.

“AVRO-2026”ya seçmə xarakteri daşıyan yarışın qaydalarına görə, qrup liderlərinin qarşılaşmasının (A1-B1) qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

İdman.Biz