“Bu turnirdə iştirak etməyimizin əsas məqsədi komandanın təcrübəsini artırmaqdır”.
Bunu İdman.biz saytına 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Cəlil Baxtiozin deyib.
O, Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında komandasının uğursuz çıxışını şərh edib. Keçirdiyi 4 matçda cəmi bir setdə qələbə qazanan mütəxəssis bildirib ki, hədəf komandanın formalaşmasıdır: “Bizə qarşı oynayan komandaların hər biri fiziki göstəriciləri ilə seçilirlər. Onların ən balacaboylu voleybolçusu 1,90 metrdir. Buna baxmayaraq, millimiz oyundan oyuna daha yaxşı təsir bağışlayır. Estoniyaya qarşı sonuncu matçda 1 set qazanmağı bacardıq. Matçlar keçdikcə oyunçular bir-birini daha yaxşı başa düşür”.
Baxtiozinin sözlərinə görə, federasiyanın əsas məqsədi gəncləri idmana cəlb etmək, Azərbaycanda uşaqlar arasında voleybolu populyarlaşdırmaqdır: “Bu yarışda nəticə göstərə bilməsək də, qarşıya qoyulan strategiyanı uğurla yerinə yetirdiyimizi düşünürəm. Bu komanda gələcəkdə bundan da yaxşı oyun göstərəcək. Pandemiyadan sonra çox böyük fasilə oldu. İdmançılar uzun müddət birlikdə məşq edə bilmədilər, yarışlarda iştirak etmədilər. Bu da nəticəyə təsir edir. Arzu edirəm ki, gələcəkdə bu yaş qrupları arasında daxili yarış keçirilər. Yalnız o təqdirdə biz daha yaxşı voleybolçuları üzə çıxaracağıq. Ondan sonra nəticə haqqında danışa bilərik. Təbii ki, bu turnirdə də nəticə qazanmaq istəyirdik. Amma real danışmalıyıq. Bizim komandanın təcrübəsi buna yetmədi”.
Qeyd edək ki, millimiz Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) turnirində son görüşünü bu gün meydan sahibləri Gürcüstana qarşı keçirəcək. Matç saat 18:00-da başalyacaq.
Emin Ağa
İdman.biz