Polina Rəhimova: "Arzum gerçəkləşdiyi üçün göyün yeddinci qatındayam"

Xəbərlər
7 May 2025 15:46
61
Polina Rəhimova: "Arzum gerçəkləşdiyi üçün göyün yeddinci qatındayam"

"Gözəl mövsüm oldu! Artıq bitdiyinə inana bilmirəm".

İdman.biz xəbər verir ki, Azərbaycan voleybolçusu "Osasko" ilə ölkə çempionluğu və kubokunu, həmçinin Paulista çempionluğunu qazandığı Braziliyada ötən mövsümü belə dəyərləndirib.

Rəhimova sosial şəbəkədəki səhifəsində inanılmaz, gözəl və unudulmaz bir mövsüm keçirdiklərini vurğulayıb: "Mövsüm emosiyalar, pozitivlik və mənim üçün ən gözlənilməz sonluqla zəngin idi. Arzum gerçəkləşdiyi üçün göyün yeddinci qatındayam. Biz buna nail olduq - hər üç kubok bizimdir! Bu yolda yanımda olan, dəstək verən və inanan hər kəsə çox minnətdaram. Səhifəni çevirmək və bu macəranın növbəti fəslinə keçmək vaxtıdır. Yola davam!"

Rəhimova növbəti mövsümü “Panionis”də keçirəcək. Yeri gəlmişkən Yunanıstan klubunun hazırkı heyətində daha dörd legioner var ki, onların arasında Elisa Vasileva-Atanaseviç xüsusilə fərqlənir. Bolqarıstanlı voleybolçu bundan əvvəl “Fənərbaxça”da çıxış edib.

“Panionis”də həmçinin serbiyalı hücumçu Bianka Buşa, ukraynalı diaqonal oyunçusu Viktoriya Loxmançuk və kiprli mərkəz blokçusu Katerina Zakçayu da çıxış edəcəklər. Komandanın baş məşqçisi serbiyalı Draqan Neşiçdir.

İdman.biz