Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası, italyan tennisçi Yannik Sinner özünün cari mövsümünü qiymətləndirib.
İdman.Biz-in məlumatına görə, 2025-ci ildə o, iki “Böyük Dəbilqə” turnirində - Australian Open və Uimbldon turnirlərində, eləcə də Pekində (Çin) keçirilən “ATP-500” turnirində qalib gəlib.
“Bəli, bu, unikal bir mövsüm idi. Üç aylıq fasiləm oldu və oynaya bilmədim. Nəticədə nisbətən az turnirdə oynadım, amma yenə də çoxlu matç keçirdim: mənə lazım olan bu idi. Hər halda, bu mövsümü möhtəşəm hesab edirəm.
Hazırkı mövqeyimdən çox məmnunam. İndi mövsümü yaxşı başa vurmaq və növbəti mövsümə mümkün qədər yaxşı başlamaq mənim üçün vacibdir", - Ubitennis Sinnerin sözlərini sitat gətirib.
Xatırladaq ki, 2025-ci ilin fevralından may ayına qədər italyan raketka 2024-cü ildə antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunub və bir neçə “Masters” turnirini buraxıb.
