Taekvondo üzrə beynəlxalq turnirin açılışı mərasimi olub - FOTO

Xəbərlər
11 Oktyabr 2024 11:09
637
Taekvondo üzrə beynəlxalq turnirin açılışı mərasimi olub - FOTO

Uşaqlar, yeniyetmələr və gənclər arasında "Ümid" və "Alpman" taekvondo klublarının açıq birinciliyinin açılış mərasimi olub.

İdman.biz xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunda təşkil olunub.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov və ATF rəsmiləri iştirak ediblər. Fəxri qonaqlar sırasında isə MMA döyüşçüləri Tofiq Musayev, Vüqar Kərəmov, idman səfiri Fəridə Əzizova, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da yer alıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra nazir Fərid Qayıbov çıxış edib. O, ölkəmizdə keçirilən beynəlxalq yarışlara diqqət çəkib, turnir iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Hikmət Səmədov yarış iştirakçıların gələcək inkişafı baxımından faydalı olacağını bildirib.

Mərasim nümunəvi çıxışlar və musiqi ilə davam etdirilib.

Qeyd edək ki, yarışa 45 klubdan 649 taekvondoçu qatılıb. Oktyabrın 13-də başa çatacaq turnirdə Qazaxıstan, Özbəkistan və Gürcüstandan da komandalar mübarizə aparır.

Emin Ağa
İdman.biz