Məmməd Abdullayev Koreyadakı təlim-məşq toplanışını dəyərləndirib

19 Yanvar 2024 17:51
1 000
Məmməd Abdullayev Koreyadakı təlim-məşq toplanışını dəyərləndirib

“Gündə iki dəfə hazırlıqlarımız davam edir”.

Bunu İdman.bizə kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev deyib.

O, Koreyada təlim-məşq toplanışının yüksək səviyyədə davam etdiyini bildirib. Abdullayevin sözlərinə görə, hazırlıqda əsasən döyüş və taktiki məşqlərə üstünlük verilir: “Koreya taekvondonun vətənidir. Burada xeyli sayda idmançı yığmamızla birgə sınaq döyüşləri keçirirlər. Təbii ki, bu proses taekvondoçularımız üçün çox səmərəli olacaq. Hazırlığımız çox yüksək səviyyədədir”.

O komandanı qarşıda Avropa və Olimpiya oyunlarına lisenziya xarakterli turnir gözlədiyini qeyd edib: “Artıq bir lisenziyamız var. Bunu Qaşım Maqomedov əldə edib. Hazırda isə məqsədimiz növbəti vəsiqələrə sahib olmaqdır. Taekvondoçularımız martda bunu qazanmaq üçün məşqlərdə səylə çalışırlar. Ardınca mayda Avropa çempionatında da inamlı çıxış hədəfləmişik. İnanıram ki, komandamız bu yarışlarda uğur əldə edəcək”.

Qeyd edək ki, Koreyada keçirilən təlim-məşq toplanışına yanvarın 15-dən start verilib.

Banuçiçək Hüseynli
İdman.biz