Məmməd Abdullayev: “Maqomedovun Olimpiadada bu uğuru təkrarlayacağına ümid edirəm”

Müsahibə
19 Dekabr 2023 14:17
541
Məmməd Abdullayev: “Maqomedovun Olimpiadada bu uğuru təkrarlayacağına ümid edirəm”

"Yay Olimpiya Oyunlarında neçə idmançı ilə təmsil olunacağımızla bağlı qabaqcadan proqnoz vermək istəmirəm. Maksimum sayda lisenziyada əldə etməyə çalışacağıq”.

İdman.biz xəbər verir ki, bunu kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev deyib.

Mütəxəssis yığmamızın idmançısı Qaşım Maqomedovun (58 kq) Çinin Usi şəhərində keçirilən “Böyük Dəbilqə”nin təsnifat və Çempionlar mərhələsində 2 qızıl medal qazanmasının dəyərləndirib.

O bildirib ki, yekunda taekvondoçumuzun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması sevindiricidir: “O, hər 2 seriyanın qalibi oldu. İlk yarışda finala vəsiqə qazanmaq üçün 4 döyüşün hamısında qalib gəldi. Bizim üçün mühüm olan növbəti yarış idi. Çünki orada qalib gəlsəydi, olimpiadaya lisenziya əldə edəcəkdi. Qaşım həqiqətən növbəti turnir üçün toparlandı və ölkəmizi layiqincə təmsil etdi. O, həmin çəkidə Bakıdakı dünya çempionatında məğlub olduğu Çin idmançısına, sonuncu Qran-prinin qalibi olan İran təmsilçisinə və finalda öz çəkisindəki sonuncu dünya çempionuna qalib gəldi. Bu da bizi sevindirir”.

Abdullayevin Maqomedovun Olimpiadada bu uğuru təkrarlayacağına ümid edir: “Qaşım vaxtından əvvəl lisenziyanı qazandı. Martdakı lisenziya turnirinə hazırlaşacaqdı. 10 gün istirahət verəcəyik. Digər idmançıların hazırlığına başlayacağıq”.

Banuçiçək Hüseynli
İdman.biz