“Artıq beşinci ildir ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımız azad olunub. 2022-ci ildən etibarən Azərbaycan Prezidenti tapşırığına uyğun olaraq Qarabağda müxtəlif idman yarışları keçiririk”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının Suqovuşanda açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Qayıbov bildirib ki, yarışın səviyyəsi ildən-ilə yüksəlir: “Torpaqlarımız azad olunan dövrdən etibarən reqata təşkil olunur. Artıq beşinci ildir. İlk yarışda dörd ölkə iştirak edirdisə, indi turnirə iyirmidən artıq ölkə qatılıb. Bu tədbir artıq beynəlxalq təqvimə də düşüb. İldən-ilə bu yarışa maraq daha da artır. Fürsətdən istifadə edib, bütün təşkilatçılara təşəkkür edirəm. Biz federasiyalarla bərabər həm yerli, həm də beynəlxalq yarışlar keçirməyə davam edəcəyik”.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürən yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə güclərini yoxlayacaqlar.
Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəl qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.
“Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
İdman.biz