"Mingəçevir Reqatası-2023"ün 2-ci günündə 12 medal - FOTO

Xəbərlər
26 Oktyabr 2023 19:49
189
"Mingəçevir Reqatası-2023"ün 2-ci günündə 12 medal - FOTO

Akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri davam edir.

İdman.bizin Mingəçevirə ezam olunmuş müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə ilə təşkil edilən yarışda 8 ölkədən 14 komanda iştirak edir.

Turnirin 2-ci günündə Azərbaycan avarçəkənləri 3 qızıl, 4 gümüş və 5 bürünc medal əldə ediblər.
Bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Sənan Məmmədov ikinci, Cavid Vəlizadə üçüncü yeri tutub.

Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. O, ötən gün 1000 metr məsafəyə yarışda da fərxi kürsünün ən yüksək pilləsinə qalxmışdı.

İki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Fuad Məmmədov - Fikrət Həsənov cütlüyü ikinci olub.

İki nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Qiyas Əhmədov - Riad İsmayılzadə cütlüyü finişə birinci çatıb. Sübhan Həsənov - Rəşad Dadaşov dueti isə bürünc medala yiyələnib.

İki nəfərlik akademik avarçəkmə qayığında 1000 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü oğlanların yarışında Nurəddin Əliyev - Məhəmməd Abdullayev tandemi üçüncü yerin sahibi olub.

Bir nəfərlik kanoe qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların çıxışında Sənan Məmmədov “gümüş” əldə edib.

Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılardan Əlimurad Hacızadə finişə üçüncü çatıb.

İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə hər üç medala Azərbaycan idmançıları yiyələniblər. Qiyas Əhmədov - Riad İsmayılzadə tandemi çempion olub. Bu, onların gün ərzində ikinci “qızıl”ı olub. Sübhan Həsənovla Rəşad Dadaşovun təşkil etdiyi cütlük gümüş, Emil Zeynalov - Rüfət Həsənzadə cütlüyü isə bürünc medal qazanıb.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Medalları 2007-2008-ci il təvəllüdlü idmançılarımız qazanıblar. Bir nəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. İki nəfərlik kayak qayığında 1000 metr məsafəyə yarışda isə 2 cütlüyümüz Mark Nikulov-İman Həsənov birinci, Nihad Quliyev-Şahin İsayev dueti isə üçüncü yerə layiq görülüb. Bir nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə mübarizədə Cahangir Məmmədli ikinci yer tutub.

Emin Ağa

İdman.biz