Akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri start götürüb.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə təşkil edilən yarışda 8 ölkədən 14 komanda iştirak edir.
Turnirin ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Bir nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb.
İki nəfərlik kayak qayığında 1000 metr məsafəyə yarışda 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov-İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev-Şahin İsayev dueti isə üçüncü yerə layiq görülüb.
Bir nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə mübarizədə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Cahangir Məmmədli ikinci yer tutub.
Qeyd edək ki, “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq.
İdman.biz