Fərhad Əliyev: “Azərbaycana gələcək ölkələrin təşkilatçılıqdan razı qalması üçün əlimizdən gələni edəcəyik”

Xəbərlər
13 Oktyabr 2023 12:56
351
Fərhad Əliyev: “Azərbaycana gələcək ölkələrin təşkilatçılıqdan razı qalması üçün əlimizdən gələni edəcəyik”

“Sevindirici məqamdır ki, bu yarışımız da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alır. Yarışa hazırlıqlar özünün son mərhələsinə qədəm qoyub”.

Bunu İdman.biz saytına Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyib.

O, “Mingəçevir reqatası-2023”ün Avropa Kanoe Assosiasiyasının təqviminə daxil olduqdan sonra yarışa marağın daha da artdığını bildirib. Əliyevin sözlərinə görə, artıq Azərbaycanla birlikdə iştirakçı sayı 8-ə yüksəlib: Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Litva, Ukrayna millilərindən sonra Polşa da ölkəmizə gələcəyini təsdiqlədi. Bizim üçün idmançı sayı və ya iştirakçı komanda sayı baxımdan limit yoxdur. Bu dəfə də Azərbaycana gələcək yığmaların təşkilatçılıqdan razı qalması üçün əlimizdən gələni edəcəyik”.

Yarışda 2005-2010 təvəllüdlü idmançılar iştirak edəcək. Baş katib burda mübarizə aparacaq idmançılarımızın necə seçildiyinə də aydınlıq gətirib: “Sentyabrın 13-14-də Mingəçevir şəhərində keçirilmiş Azərbaycan çempionatı bu beynəlxalq turnir üçün həm də seçim xarakteri daşıyırdı. Yarışın yekununa əsasən, müxtəlif növlər üzrə 50-yə yaxın idmançımız reqatada iştirak hüququ əldə edib. Bu yaş kateqoriyalarına üstünlük verməyimizin əsas səbəbi isə seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətə davamlı yığma komanda formalaşdırmaqdır. Ad çəkməyəcəm, amma hər bir idmançımızdan uğurlu çıxış gözləyirik”.

Federasiya rəsmisi gələcəkdə bu yarışın coğrafiyasının genişlənəcəyinə də inam ifadə edib. O, reqatanı keçirməkdə əsas məqsədin bu idman növünün ölkəmizdə daha da populyarlaşdırmağa, kütləviliyi artırmağa hesablandığını deyib: “Bu səbəbdən federasiyamız yeniyetmə və gənc idmançıları daim maraq dairəsində saxlayır. Düşünürəm ki, bu yarış yeniyetmə və gənc idmançılarımızın öz ustalıq səviyyələrinin artırılması və təcrübə toplaması istiqamətində çox önəmli yer tutacaq”.

Qeyd edək ki, ikinci dəfə baş tutacaq “Mingəçevir Reqatası-2023” oktyabrın 25-27-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Emin Ağa

İdman.biz